Deputat: Ermənistanın Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa çıxış yolu qalmayıb
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə 2021-ci il dekabrın 14-15-də keçirilən Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın Brüssel görüşündə əldə edilmiş üstünlüklərlə bir daha təsdiqləndi. Həm NATO-nun Baş katibi Yens Stoltenberq, həm də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüş Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı təşəbbüsün dəstəklənməsinin təsdiqi ilə yadda qaldı. Çünki əminlik yarandı ki, bu dəhliz bizim üçün mühüm siyasi-iqtisadi əhəmiyyət daşımaqla bütövlükdə regionda inteqrasiya proseslərini stimullaşdıracaq.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Şarl Mişel və Nikol Paşinyanla birgə görüşünün konstruktiv şəkildə keçirildiyi rəsmi şəkildə vurğulanır. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib. Eyni zamanda, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlinib.
Bundan başqa, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Ermənistan tərəfi Soçi görüşündə də bu öhdəliyini ifadə etmişdi, amma sonradan yenə də spekulyasiya ilə məşğul olmağa başladı. Brüssel görüşündə isə Ermənistanın bir daha öz öhdəliyini təsdiq etməsi deməyə əsas verir ki, Paşinyan hakimiyyətinin “manevr” imkanları qalmayıb. Erməni tərəfinin Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa çıxış yolu qalmayıb. Görüşdə bildirildiyi kimi, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.
“Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı dövlətimizin prinsipial mövqeyini bir daha bəyan edib və qeyd edib ki, əgər Ermənistan Zəngəzur dəhlizinə gömrük postu təyin etsə, Azərbaycan da Laçın dəhlizində analoji addımı atacaq. Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, Laçın dəhlizində gömrük yoxdur. Ona görə də Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik.
Bu qətiyyətli fikir, eyni zamanda, Ermənistanda mövcud olan revanşist və radikal qruplara verilən mesaj olmaqla, həm də onları bu və ya digər platformada dəstəkləyən ayrı-ayrı güc mərkəzlərinə verilən mesaj idi. Çünki bəzi regional və regiondan kənar güclər var ki, onlar Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın bərqərar olunmasında maraqlı deyillər. Hər kəsə aydındır ki, Zəngəzur bizim üçün sadəcə kommunikasiyaların keçəcəyi dəhliz deyil, həm də tarixi vətəndir. Belə olduqda bu coğrafiyanın milli və tarixi yaddaşımızda mühüm mənəvi tərəfi də var”, - deyə A.Məmmədov bildirib.
Deputat xatırladıb ki, üçtərəfli Bəyanatda da qeyd olunduğu kimi, Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Ermənistan reallıqları anlayır və razılaşmalara əməl etmək məcburiyyətindədir. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanatında iki ölkə münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün sülh müqaviləsinin imzalanmasına çağırış edib.
“Şarl Mişel, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edib. Bəyanatda birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür, regionda dəmir yolu xəttinin önəmi vurğulanır. Təbii ki, bütün bunlar Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Qalib dövlət olaraq Azərbaycan regionda yeni reallıqlar yaradıb və tezliklə bu reallıqların praktiki icra mərhələsinə keçməsinin şahidi olacağıq”, - deyə deputat fikirlərini yekunlaşdırıb.