Deputat: Postpandemiya dövründə aparılan islahatlar texnoloji yeniliklərin dəstəklənməsinə imkan verəcək
Bakı, 17 iyun, AZƏRTAC
“Microsoft” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft”un digər nümayəndələri arasında keçirilən videokonfrans bir neçə aspektdən əhəmiyyətli hesab olunur. Bu, bir daha təsdiq edir ki, beynəlxalq qurumların, eləcə də aparıcı qlobal şirkətlərin Azərbaycan iqtisadiyyatına inamı kifayət qədər yüksəkdir.
Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
“Pandemiya dövründə belə görüşlərin keçirilməsi həmin şirkətlərin ölkəmizlə əlaqələrini daha da genişləndirmək istəyindən xəbər verir. Bu isə təbii ki, Azərbaycan iqtisadiyyatına olan güvənin göstəricisidir. Bundan əvvəlki görüşlərdə və dünən keçirilən videokonfransda dövlətimizin başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatların xüsusilə qiymətləndirilməsi və qeyd olunması ondan xəbər verir ki, beynəlxalq arenanın Azərbaycan Prezidentinə etimadı çox yüksəkdir. Pandemiya dövründə Azərbaycanın həyata keçirdiyi tədbirlər, o cümlədən sahibkarların dəstəklənməsi ilə bağlı reallaşan islahatlar da beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır. Pandemiya dövründəki siyasət yalnız Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən deyil, eyni zamanda, iqtisadi sferada olan beynəlxalq qurumlar və şirkətlər tərəfindən də yüksək qiymətləndirilir. Videokonfrans bir daha təsdiq etdi ki, Azərbaycan innovasiya və informasiya texnologiyası baxımdan regionun aparıcı ölkələrindədir. Xüsusən də dördüncü sənaye inqilabı ilə bağlı regional fəaliyyətlərdə Azərbaycanın öndə olması, Davos İqtisadi Forumunun dördüncü sənaye inqilabı üzrə regional mərkəzin ölkəmizdə yaradılması ilə bağlı razılığın əldə edilməsi də ondan xəbər verir ki, Azərbaycan innovasiyanı dəstəkləyən, innovativ, eləcə də texnoloji inkişafa töhfə verən ölkələrdəndir. Postpandemiya dövründə ölkəmizdə həyata keçirilən islahatlar texnoloji yeniliklərin dəstəklənməsinə imkan verəcək ki, bu da iqtisadiyyatda innovativ dəyərin çəkisinin artmasına və şaxələndirmə meyillərinin gücləndirilməsinə gətirib çıxaracaq. Bu da növbəti dövrlərdə də innovasiyanı daha çox tətbiq edən sektorlardan olan neftdənkənar sahələrin iqtisadiyyatdakı drayver rolunun güclənməsinə səbəb olacaq”, - deyə deputat qeyd edib.