DEVİD KRAMER: GUAM ÜZV DÖVLƏTLƏRƏ HƏM SİYASİ, HƏM DƏ İQTİSADİ BAXIMDAN ZƏRURİDİR
Toplantı ərəfəsində üzv dövlətlər görüşə nikbinlik ifadə etmişdir. GUAM sammitinin gedişi ümidləri doğrultdu. Qurumun yeni adı - Demokratiya və İqtisadi İnkişaf Təşkilatı ilə yanaşı həm də GUAM-ın təsisatlanması istiqamətində ciddi addımlar atıldı. Terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı səylərin birgə məlumat bazası altında birləşməsi, GUAM ərazisində azad ticarət zonası yaradılması, enerji təhlükəsizliyi şurasının qurulması planları imza edilən sənədlərdə əksini tapdı.
Toplantını izləyən Amerika təhlilçiləri bu fikirdədirlər ki, Kiyev görüşü təşkilatın dirçəlməsi istiqamətində yaxşı təkan oldu. Nüfuzlu Ceymstaun Fondunun toplantıya dair məqaləsində belə bir rəy ifadə olunur ki, GUAM ölkələr qrupundan beynəlxalq təşkilata çevrilir və yeni üzvlər üçün cəlbedici ola bilər. Rumıniya və Bolqarıstanın potensial üzvlüyü təşkilatın Qara dəniz hövzəsində təhlükəsizliyi qorumaq imkanlarını və enerji daşıyıcıları nəqli təşəbbüslərini xeyli artıra bilər. Lakin təhlilçilər azad ticarət zonası yaradılması təşəbbüsünün tezliklə həyata keçəcəyinə inanmır və bildirirlər ki, tarif siyasətinin və gömrük proseduralarının eyniləşdirilməsi daha çox vaxt tələb edir.
Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Devid Kramer AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, azad ticarət zonası təşəbbüsünün həyata keçirilməsi həm üzv ölkələr, həm də bütün bölgə üçün fayda gətirəcəkdir. “Kiyevdəki görüş onu göstərdi ki, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova təşkilatın formalaşması üçün səylərini gücləndirirlər. Azad ticarət zonasının yaradılması, sərhəd və gömrük məsələlərində əməkdaşlıq kimi təşəbbüslər çox müsbətdir. Prezidentlər bəyan etdilər ki, onlar demokratikləşmə, iqtisadi islahatlar, yaşayış standartlarının yüksəlməsi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərində maraqlıdırlar. Məncə, bu kimi amillər GUAM-ı bölgənin digər dövlətlərinə də çox cəlbedici göstərməlidir”.
Birləşmiş Ştatlar GUAM-ı yarandığı vaxtdan dəstəkləmişdir. Rusiya meyilli dairələr bunu Birləşmiş Ştatların Rusiyanın yaxın qonşuluğuna növbəti müdaxiləsi kimi qiymətləndirir, ABŞ-ı “GUAM-ın katalizatoru” da adlandırırdılar. Dövlət katibinin müavini Devid Kramer isə bildirir ki, xarici qüvvə tərəfindən idarə edilən təşkilat heç vaxt uzun ömürlü ola bilməz. Bununla yanaşı, o, etiraf edir ki, ABŞ ötən illər ərzində GUAM-a virtual hüquq mühafizə təlim mərkəzinin yaradılması, ticarət və nəqliyyat strukturunun qurulması və digər məsələlərdə yardım göstərmişdir və bundan sonra da dəstəyini əsirgəməyəcəkdir. Lakin Kiyevdəki toplantıdan sonra, Birləşmiş Ştatlar yardım səylərindən bir addım geri çəkiləcək və üzv dövlətlərin təşkilatı uzunmüddətli və uğurlu qurum etmək səylərini izləyəcəkdir: “GUAM üzv dövlətlərə həm siyasi, həm də iqtisadi cəhətdən zəruridir. Azərbaycan ən çox enerji resurslu, Ukrayna ən böyük ərazili dövlətdir və s. Hərəsi quruma öz üstünlüyünü gətirərək, onu fəxr edilən və başqalarının da qoşulmaq istədiyi təkşilata çevirəcəkdir”.