İQTİSADİYYAT
DGK “Təqib və İzləmə” layihəsinin təqdimatını edib
Bakı, 31 may, AZƏRTAC
Dövlət Gömrük Komitəsi (DGK) Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirib. Görüşdə komitənin, Dövlət Vergi Xidmətinin əməkdaşları və sahibkarlar iştirak ediblər.
DGK-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə son dövrlərdə gömrük sistemində həyata keçirilən yeniliklər, layihələr, elektron xidmətlər barədə ətraflı məlumat verilib.
Daha sonra Dövlət Vergi Xidmətinin “Təqib və İzləmə” layihəsi ilə bağlı geniş təqdimat nümayiş etdirilib, yeni tətbiqin üstünlükləri və əhəmiyyəti sahibkarların diqqətinə çatdırılıb. Bildirilib ki, dünyada bütün təşkilatlar üçün strateji prioritet hesab olunan təqib və izləmə sistemi təchizat zəncirinin keyfiyyəti, səmərəliliyini artırmaqla yanaşı, nəzarət altında olan aksizli məhsulların təhlükəsizliyinin təmin edilməsini, saxtalaşdırılmasının qarşısının alınmasını təmin edir.
Qeyd edək ki, yaxın müddətdə Dövlət Vergi Xidməti tərəfindən istifadəyə veriləcək Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin Dövlət Gömrük Komitəsinə də inteqrasiyası nəzərdə tutulur.