“Die Presse” qəzeti: “Əhsən sənə, Bakı!”
Vyana, 21 iyun, AZƏRTAC
“Əhsən sənə, Bakı!” Avstriyanın “Die Presse” gündəlik qəzetində Bakıda keçirilmiş Formula-1 Avropa Qran-pri yarışı haqqında dərc olunmuş məqalə belə başlayır.
“Bakıda Formula-1: dünyanın ən sürətli küçə yürüşü” sərlövhəli məqalədə qeyd edilir ki, Azərbaycanın paytaxtında Qran-pri premyerası yüksək səviyyədə keçdi və mühərrik idmanının kral sinfi olan Formula-1 öz 21 hissəlik dünya çempionatı seriyasına daha bir epizodu əlavə etdi.
Bildirilir ki, Azərbaycan Formula-1 premyerasını uğur kimi qeyd edir, lakin bir çoxlarının gözlədiyi “qəza zəmanət” özünü doğrultmadı. Niko Rosberq heç bir qəzaya uğramadan finişə yürüş etdi.
Məqalədə, həmçinin diqqətə çatdırılır ki, dünya çempionatında ən gənc “mirvari”nin ulduzu isə sözsüz ki, Bakı trekinin özüdür. Şəhərin müasir hissələrində “düzbucaqlı” döngələr qədim şəhərdəki “girdə” döngələrlə trekə özünəməxsusluq bəxş edirdi və trekin ən yüksək sürət yığmaq üçün hissəsi Formula-1 tarixində ən uzun məsafədir. İyunun 18-də finlandiyalı pilot Valtteri Bottasın idarə etdiyi bolidin taxometrində saatda 378 kilometr sürətin qeydə alınması isə Bakını planetimizin ən sürətli avtomobil yürüşü məkanına çevirdi. XII əsrdə inşa edilmiş tikililərin yanından XXI əsrdə istehsal edilən bolidlərin şütüməsi ilk cəhddən uğurla alındı.
Formula-1 yarışının növbəti dayanacağı isə Avstriyada olacaq. “Gümüş oxlar” iyulun 3-də Avstriyanın Şpilberq qəsəbəsi yaxınlığında yerləşən “Red Bull” halqasında hədəfə doğru şütüyəcəklər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana