Dillər Universitetində seminar: “Azərbaycanda çinşünaslığın tarixi”
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda məşhur azərbaycanlı alim-şərqşünas Sara Aşurbəylinin xatirəsinə həsr olunmuş “Azərbaycanda çinşünaslığın tarixi” mövzusunda elmi seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov S.Aşurbəylinin Azərbaycan tarix elminin inkişafına verdiyi töhfələr barədə danışıb. S.Aşurbəylinin orta əsrlərdə Azərbaycan ilə Çin arasında iqtisadi və mədəni əlaqələrə həsr olunan əsərlərindən söz açan R.Abbasov görkəmli alimin Azərbaycan sinologiyasının təməlini qoyduğunu vurğulayıb. R.Abbasov vurğulayıb ki, S.Aşurbəylinin Azərbaycan elm və təhsilinin inkişafında nailiyyətlərini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev 1996-cı ildə onu anadan olmasının 90-cı ildönümü münasibətilə “Şöhrət” ordeni ilə təltif edib, eyni zamanda, Opera və Balet Teatrında qeyd olunan yubileyində iştirak edib.
Tələbələr S.Aşurbəylinin həyat səhifələri, elmi-tədris fəaliyyəti və bədii yaradıcılığından danışıblar.
Sara xanımın yaxınları - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn İdarəsinin dosenti Yevgeniya Aşurlu, Ramiz Aşurlu və Sevda Aşurbəyli böyük alim haqqında xatirələrini, Azərbaycana və tariximizə sonsuz məhəbbəti və marağı haqqında fikirlərini bölüşüblər.