ELM VƏ TƏHSİL
DİM “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri” mövzusunda təlim keçirib
Bakı, 18 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi dövlət qulluqçuları üçün “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri “ mövzusunda onlayn təlim keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlim iştirakçıları sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün ümumi tələblər, sənədlərin dövriyyəsinin təşkili, sənədlərin qeydə alınması və məlumat aparatının quruluşu, icraya nəzarətin təşkili, işlərin nomenklaturunun tərtibi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları, elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və s. mövzular barədə məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.
Qeyd edək ki, Mərkəz fevral-mart ayları ərzində “İnsan resurslarının idarə edilməsi”, “Əmək qanunvericiliyinin tətbiqi”,“Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri” mövzuları üzrə təlimlər keçirib.
Dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda DİM tərəfindən təlimlərin davam etdirilməsi nəzərdə tutulur.
Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.