Dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmalıdır
Lənkəran, 22 fevral, Bağır Əliyev, AZƏRTAC
Qəbul edilmiş qanunlara uyğun olaraq ölkəmizdə dini radikalizmə və erkən nikahlara qarşı geniş tədbirlər həyata keçirilir. Xüsusən, gənclər arasında aparılan təbliğat, bu zaman istifadə olunan elmi-kütləvi vasitələr görülən işin səmərəliliyini daha da artırır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi və Lənkəran Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Vilvan kənd tam orta məktəbində “Gənclərin dini radikalizm və erkən nikahlardan qorunması” mövzusunda keçirilən tədbirdə məlumat verilib.
Tədbirdə çıxış edən məktəbin direktoru Əliniyaz Ağayev mövzunun aktuallığını qeyd edərək bildirib ki, belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomaniyanın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Tacəddin Sadıqov və Emin Həmidli, Lənkəran Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru Orxan Şahmarov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axunzadə mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi vurğulanıb, bu işdə əmək kollektivlərinin, müəllimlərin, valideynlərin üzərinə mühüm vəzifələrin və məsuliyyətin düşdüyü diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.