DİPLOMATİK ƏLAQƏLƏR QURULMASININ ON İLLİYİ ŞƏRƏFİNƏ
Gürcüstan və Azərbaycan Respublikası arasında diplomatik əlaqələr qurulmasının 10 illiyi münasibətilə dost və qonşu ölkənin Bakıdakı səfirliyi noyabrın 19-da “Gülüstan” sarayında qəbul təşkil etmişdir.
Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndi. Gürcüstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Zurab Qumberidze və Azərbaycan Milli Məclisinin sədri Murtuz Ələsgərov qəbulda çıxış etdilər.
Zurab Qumberidze bildirdi ki, Gürcüstan və Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar yaranmışdır. Diplomatik əlaqələr qurulmasından ötən on il əməkdaşlığın intensivliyi ilə fərqlənir. Regional layihələrdə ölkələrimizin birgə iştirakı sıx işbirliyinin bariz nümunəsidir.
Diplomat vurğuladı ki, Gürcüstan və gürcü xalqı Azərbaycan Prezidenti Heydər Əliyevə dərin hörmət bəsləyir. Bu ilin sentyabr ayında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması Azərbaycan və Gürcüstan arasında dostluğu və qarşılıqlı surətdə faydalı əməkdaşlığı daha da möhkəmləndirəcəkdir. Gürcü xalqı Bakı-Supsa kəmərinin, Bakı-Tbilisi-Ərzurum kəmərinin Gürcüstandan keçməsi ilə bağlı tarixi qərar qəbul edilməsini də heç vaxt yaddan çıxarmayacaqdır.
Milli Məclisin sədri Murtuz Ələsgərov mərasimə toplaşanları Azərbaycan Prezidenti Heydər Əliyevin adından təbrik etdi, onun səmimi salamlarını, xoş arzularını çatdırdı. O dedi ki, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında Prezidentlər Heydər Əliyev və Eduard Şevardnadze arasında keçirilən görüşlərin, aparılan danışıqların, onların şəxsi dostluğunun böyük rolu olmuşdur. Ölkələrimiz arasında bağlanmış sazişlər, müqavilələr hər iki dövlətin gələcək əlaqələrinin hüquqi bazasını yaratmışdır.
Azərbaycan və Gürcüstan bir sıra beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edir və eyni mövqedən çıxış edirlər. Hər iki ölkə təcavüzkar separatizmdən əziyyət çəkir və Qafqazda sülhün, əmin-amanlığın bərpa olunması uğrunda mübarizə aparır. Milli Məclisin sədri parlamentlərarası əlaqələrdən də söhbət açdı.
Qəbulda Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, xarici işlər naziri Vilayət Quliyev, Prezidentin İcra Aparatının şöbə müdirləri Əli Həsənov, Novruz Məmmədov, nazirlər, parlamentin deputatları, xarici ölkələrin Bakıdakı diplomatik nümayəndəliklərinin başçıları, elm, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.