Dostık-Alaşankou keçidi vasitəsilə son 35 ildə 425 milyon tondan çox yük daşınıb
Astana, 23 yanvar, AZƏRTAC
Alaşankou stansiyasında “KTZ” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenov və Urumçi Dəmir Yolları MMC-nin İdarə Heyətinin sədri Quo Tszian arasında görüş keçirilib.
AZƏRTAC “KTZ”-yə istinadla xəbər verir ki, tərəflər Qazaxıstan ilə Çin arasında dəmir yolu nəqliyyatının 2025-ci il üçün nəticələrini ümumiləşdirib, elektron sənəd idarəetməsi və kağızsız texnologiyaların tətbiqi də daxil olmaqla 2026-cı il üçün planları müzakirə ediblər.
İlin yekunları əsas yük kateqoriyaları - metallar, neft məhsulları, kömür və kimyəvi maddələr üzrə daşıma həcmlərinin və ixracının artdığını, eləcə də taxıl və heyvan yemlərinin daşınmasında üçqat artım olduğunu göstərib.
Qazaxıstan tərəfi Dostık-Mointı hissəsində ikiqat dəmir yolunun istifadəyə verilməsi, Altınkol-Jetigen hissəsinin modernləşdirilməsi və Baxtı ilə Taçenq arasında üçüncü sərhəd keçid layihəsinin həyata keçirilməsi də daxil olmaqla infrastruktur layihələrinin həyata keçirilməsi barədə məlumat verib. Dostık stansiyasında Qazaxıstan və Çin dəmir yollarının birləşdirilməsinin 35-ci ildönümünə həsr olunmuş abidənin açılış mərasimi keçirilib.
2025-ci il Dostık-Alaşankou sərhəd keçid məntəqəsinin açılışının 35-ci ildönümüdür. Fəaliyyətə başladığı gündən bəri bu keçiddən 425 milyon tondan çox yük daşınıb.
Yekunda Qazaxıstan və Çin sərhəd dəmir yollarının işçi görüşünün protokolu imzalanıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana