Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Goranboyda vətəndaşlarla görüşüb
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Goranboy şəhərindəki Heydər Əliyev Mərkəzində Goranboy və Xocalı rayonlarından, həmçinin Naftalan şəhərindən olan vətəndaşlarla görüşüb.
Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Şahin Bağırov görüşdən əvvəl Goranboy şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Dövlət Gömrük Komitəsinin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Goranboy, Xocalı rayonları və Naftalan şəhər sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.