Dövlət İdarəçilik Akademiyası Gəncədə “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirmişdir
Gəncə, 6 iyun (AZƏRTAC, Sabir Əliyev). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Gəncədə 30 rayonun icra hakimiyyəti başçıları müavinlərinin iştirakı ilə “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq seminarın əhəmiyyətindən danışmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının innovativ inkişafı beynəlxalq təşkilatların sənədlərində” mövzusunda məruzə ilə çıxış etmişdir. Rektor ölkə iqtisadiyyatının sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin bəzi aspektlərini, eləcə də davamlı inkişafa təsir edən amilləri müqayisəli şəkildə seminar iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra AMEA-nın Gəncə Bölməsinin elmi katibi, akademik Fuad Əliyev Azərbaycanda, eləcə də Gəncədə elmin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışaraq dövlətimizin başçısının müvafiq sərəncamları ilə AMEA-nın Gəncə filialının bölməyə çevrilməsini, 7 elmi-tədqiqat institutunun yaradılmasını bu sahədə atılan uğurlu addım kimi qiymətləndirmişdir. Hazırda dövlətimizin başçısının diqqət və qayğısı ilə Gəncədə yaradılan texnoparklar üçün kadr hazırlığına ciddi diqqət yetirildiyini bildirən natiq şəhərdə bu istiqamətdə aparılan digər işlərdən də danışmışdır.
Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Azərbaycanın müasir inkişaf konsepsiyası: varislik və innovativlik”, DİA-nın elmi-təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimlinin “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində innovativ metodların tətbiqi” mövzularında məruzələri dinlənilərək müzakirə edilmişdir.
Bir günlük seminarda iştirakçıların sualları cavablandırılmışdır.