ELM VƏ TƏHSİL
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA “DƏYİRMİ MASA”
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Cənubi Qafqazda enerji siyasəti və münaqişələr: reallıq və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir. London Münaqişələr və Dövlət Quruculuğu üzrə İnformasiya Şəbəkəsi və Milli Strateji Təşəbbüslər Mərkəzi ilə birgə keçirilən tədbirdə xarici ölkələrin Azərbaycandakı diplomatları, Milli Məclisin deputatları, yerli və xarici ekspertlər, politoloqlar, siyasi partiyaların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Akademiyanın rektoru professor Seyfəddin Qəndilov tədbiri açaraq, coğrafi-siyasi məkanda dövlətlərin qarşılıqlı əlaqələri, reallıq və perspektivlər baxımından inkişaf və bu fonda ölkəmizin dünya birliyində yeri və rolu, habelə Cənubi Qafqazda baş verən dəyişikliklərin regiona və dünya siyasətinə təsirindən söz açmışdır. O, Prezident Heydər Əliyevin bu istiqamətdə apardığı daxili və xarici siyasətin əhəmiyyətini vurğulamışdır. Böyük Britaniya Lordlar palatasının üzvü Con Maklaski “dəyirmi masa”nın son dərəcə aktual mövzusu ətrafında öz fikirlərini bölüşmüşdür.
London Münaqişələr və Dövlət Quruculuğu üzrə İnformasiya Şəbəkəsinin icraçı direktoru Dennis Sammut Cənubi Qafqazda enerji siyasətindən danışaraq, ideyadan gerçəkliyə çevrilən, dünya üçün əhəmiyyətli olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycanın gələcəyi üçün böyük imkanlar açdığını, Azərbaycan-Qərb münasibətlərinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır.
Böyük Britaniyanın ölkəmizdəki səfiri Endrü Taker, müstəqil politoloq Vəfa Quluzadə, Milli Məclisin deputatı Gülər Əhmədova, XİN-in əməkdaşı İlqar Məmmədov və başqaları çıxışlarında Cənubi Qafqazda enerji siyasətinə, regionda coğrafi-siyasi vəziyyətə dair fikirlərini açıqlamışlar.
“Dəyirmi masa” maraqlı diskussiya ilə başa çatmışdır.