Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kursları başa çatmışdır
Bakı, 19 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət satınalmaları və müqavilələrin idarə edilməsi” və “Davamlı insan inkişafı” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları keçirilmişdir. Kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, nümayəndəli orqanların, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri cəlb olunmuşlar.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, “Dövlət satınalmaları və müqavilələrin idarə edilməsi” istiqamətində kursun əsas məqsədi davamlı inkişafın planlaşdırılması və idarəolunmasında satınalmaların rolu, təlimə giriş və əhatə olunacaq mövzuların xülasəsi, dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, malların alınması-kotirovka sorğusu metodu, kotirovka təkliflərinin qiymətləndirilməsidir. “Davamlı insan inkişafı” istiqamətində kursun əsas məqsədi isə insan inkişafı konsepsiyası - inkişafın yeni paradiqması kimi, insan potensialı, iqtisadi inkişafa nail olunmasında təhsilin rolu, müasir dövrdə inkişafın göstəriciləri və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.
“Dövlət satınalmaları və müqavilələrin idarə edilməsi” istiqamətində kursda Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Dünya Bankının Cənubi Qafqaz regionu üzrə baş satınalma mütəxəssisi Dipal Fernando, Dünya Bankının layihə icra qrupunun satınalmalar üzrə mütəxəssisləri Nigar Əhmədova, Emil Vəliyev mühazirələrlə çıxış etmişlər. “Davamlı insan inkişafı” istiqamətində kursda Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, akademiyanın müəllim heyəti - professor, AMEA-nın müxbir üzvü Əli Nuriyev, professor Etibar Nəcəfov, dosent Flora Ağayeva, Rabitə və Yüksək Texnologiyaları Parkının direktor müavini Cabbar Musayev, İqtisadiyyat və Sənaye, Təhsil nazirliklərinin sektor müdirləri Vüqar Abdullayev, Vüqar Əsgərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gender məsələləri üzrə məsul əməkdaşı Gülnarə Həşimova müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
Kursların başa çatması ilə əlaqədar buraxılış mərasimi keçirilmişdir. Akademiyanın rektoru, akademik Urxan Ələkbərov dinləyicilər qarşısında çıxış etmiş, onlara sertifikatlar təqdim edərək gələcək işlərində uğurlar arzulamışdır.