ELM VƏ TƏHSİL
Dövlət İdarəçilik Akademiyasının magistrlərinə “Vikipediya”dan istifadə qaydaları öyrədilib
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin magistrləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya”da məqalələrin yaradılması və redaktəsi” mövzusunda təlimlərdə iştirak ediblər.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxananın “Vikipediya” Metodik Mərkəzi tərəfindən ödənişsiz təşkil edilən təlimlərdə tələbələr məqalələrin yaradılması və redaktə olunması barədə məlimatlandırılıb. Həmçinin onlara “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verilib. Gənclərə bu virtual ensiklopediyanın beş əsas prinsipi, mənfi təsirləri və onun qarşısının alınması yolları izah edilib.
Könüllülər gələcəkdə öz sahələri üzrə məqalələr yaradacaqlar. Bu sahələrdə olan boşluqların aradan qaldırılması və məqalələrin redaktəsini diqqətdə saxlayacaqlar.
Təlimlər “Vikipediya” Metodik Mərkəzinin təlimçisi Sura Məmmədova tərəfindən aparılıb. Komanda mərkəzin könüllüsü Mülayim Əmirova tərəfindən formalaşdırılıb.