“DÖVLƏT İDARƏÇİLİYİNDƏ İNFORMASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ” MÖVZUSUNDA KONFRANS
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş “Dövlət idarəçiliyində informasiya texnologiyalarının tətbiqi” mövzusunda konfrans keçirilmişdir.
DİA-dan AZƏRTAC-a bildirmişlər ki, konfransda akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinin zəruriliyini qeyd etmişdir.
S.Qəndilov ümummilli liderimizin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, son illər ərzində informasiya və kommunikasiya texnologiyaları sahəsində görülmüş bir çox işlər nəticəsində ölkəmiz regionda lider dövlətə çevrilmişdir.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyevin “Elektron hökumət: konseptual əsasları, problemlər və həlli yolları”, DİA-nın İnformasiya Texnologiyaları Mərkəzinin müdiri, professor Azad Abbaszadənin “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir” və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.