REGİONLAR
Dövlət İmtahan Mərkəzi Yardımlıda növbəti buraxılış imtahanı keçirib
Yardımlı, 3 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Yardımlı rayonunun ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün növbəti buraxılış imtahanı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dörd imtahan mərkəzində - Yardımlı şəhər 1 və 2 nömrəli, Köryədi, Ərus kənd tam orta məktəblərində keçirilən buraxılış imtahanlarında 599 nəfər IX sinif şagirdi iştirak edib.
DİM tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə - xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska ilə təmin olunub.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə, lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
Yardımlıda keçirilən buraxılış imtahanlarında hər hansı qayda pozuntusu qeydə alınmayıb.