Dövlət investisiyalarının iqtisadi artıma təsiri daha çox hansı sahələrdə hiss olunur?
Bakı, 3 sentyabr, AZƏRTAC
Dövlət investisiyaları ölkənin iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Bu investisiyalar infrastrukturun yenilənməsi, istehsal potensialının artırılması, regionların inkişafının dəstəklənməsi və biznes mühitinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bəs dövlət investisiyalarının iqtisadi artıma təsiri daha çox hansı sahələrdə hiss olunur?
İqtisadçı-ekspert Eldəniz Əmirov AZƏRTAC-a açıqlamasında bildirib ki, dövlət investisiyaları iqtisadiyyatın təsir etmədiyi heç bir sahə qoymur. O qeyd edib ki, bu investisiyalar ilk növbədə ümumi daxili məhsulun (ÜDM) artımında özünü göstərir. Çünki ÜDM-in artım dinamikasına təsir edən əsas amillərdən biri məhz dövlət investisiyalarıdır.
“Dövlət investisiyalarının ən böyük təsirlərindən biri nəqliyyat və logistika sektorunda müşahidə olunur. Yolların çəkilməsi, körpülərin tikilməsi və digər infrastruktur layihələrinin həyata keçirilməsi daşınmaları asanlaşdırır, logistika xərclərini azaldır və təchizat zəncirinin səmərəliliyini artırır. Nəticədə məhsulların maya dəyəri aşağı düşür ki, bu da həm nəqliyyat-logistika sektorunun, həm də bütövlükdə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə müsbət təsir göstərir”, – deyə o vurğulayıb.

E.Əmirov qeyd edib ki, dövlət investisiyalarının mühüm istiqamətlərindən biri də enerji sektorudur: “Enerji infrastrukturunun yaradılması və genişləndirilməsi əsasən dövlət investisiya layihələri hesabına həyata keçirilir. Bu isə sektorun davamlı inkişafını təmin edən əsas amillərdən biridir. Eyni zamanda, su təsərrüfatı və digər mühüm infrastruktur sahələrinin inkişafı da dövlət investisiyalarının hesabına reallaşdırılır. İnfrastrukturun gücləndirilməsi iqtisadi fəallığı artırdığı üçün onun müsbət təsiri bütün sahələrdə hiss olunur”.
Onun sözlərinə görə, dövlət investisiyalarının müsbət təsiri bununla məhdudlaşmır.
“Bu investisiyalar kənd təsərrüfatı, səhiyyə, təhsil, turizm, eləcə də rəqəmsal iqtisadiyyatın müxtəlif istiqamətləri və alt sektorlarının inkişafına da mühüm töhfə verir. Nəticədə iqtisadiyyatın şaxələndirilməsi sürətlənir, dayanıqlı inkişaf üçün əlverişli zəmin formalaşır”, – deyə E.Əmirov əlavə edib.