Səfir: Azərbaycanla ticarət həcminin artırılması Pakistanın əsas prioritetlərindəndir
Bakı, 3 sentyabr, AZƏRTAC
Preferensial Ticarət Sazişi (PTA) Pakistan ilə Azərbaycan arasında ticarət həcminin artmasına şərait yaradıb. Ancaq iki ölkə arasında ticarətin həcminin artımı siyasi münasibətlərimizin yüksək səviyyəsi ilə müqayisədə hələ də lazımi səviyyədə deyil.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mouhiddin söyləyib.
O qeyd edib ki, ticarətin daha səmərəli və operativ həyata keçirilməsi üçün gömrük qaydalarının və mexanizmlərinin uyğunlaşdırılması, həmçinin kommersiya bankları arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində iş aparılır. Bununla yanaşı, biznes dairələrimizin bir-birinə daha da yaxınlaşması istiqamətində səylər davam etdirilir. İki mühüm sazişin həyata keçirilməsindən sonra həm Bakıda, həm də Pakistanın müxtəlif kommersiya mərkəzlərində B2B görüşlər intensivləşib.
“İkitərəfli ticarətin genişləndirilməsi Pakistan rəhbərliyinin əsas prioritetlərindən biridir. Buna görə də bu məsələ Hökumətlərarası Komissiyanın iclaslarında xüsusi diqqət mərkəzində saxlanılır. Ortaq məqsədimiz isə güclü siyasi münasibətlərimizi konkret, real və davamlı iqtisadi əməkdaşlığa çevirməkdir.
Pakistanın aparıcı və biznes assosiasiyaları da mütəmadi olaraq Bakıya səfər edərək öz həmkarları ilə əməkdaşlıq imkanlarını araşdırıblar. Eyni zamanda, Pakistanı ziyarət edən azərbaycanlı iş adamlarının sayının artmasını da məmnunluqla qeyd edirik. Bu təmaslar özəl sektorların konkret imkanları müəyyənləşdirməsinə və davamlı biznes tərəfdaşlıqları qurmasına kömək edir”, - deyə diplomat vurğulayıb.
Müxbir – Ceyhun Xəlilov