Tibb işçilərinin əməkhaqlarının artırılması əhalinin sağlamlığının təmin olunmasına qoyulan mühüm sərmayədir – ŞƏRH
Bakı, 3 sentyabr, AZƏRTAC
Ölkəmizdə səhiyyə sisteminin inkişaf etdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, son illərdə səhiyyə işçilərinin əməyinin stimullaşdırılması və sosial təminatının gücləndirilməsi istiqamətində mərhələli tədbirlər həyata keçirilib. 2023-cü il yanvarın 1-dən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə maaşları artırılıb, 2025-ci ildə minimum əməkhaqqının artırılması ilə əlaqədar tarif maaşlarında növbəti artımlar həyata keçirilib. Bununla yanaşı, səhiyyə sistemində ayrı-ayrı kateqoriyalar üzrə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə diferensial yanaşmalar tətbiq olunub. Bu çərçivədə Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evlərinin işçilərinin tarif maaşlarına vəzifələrdən asılı olaraq 1,5–3 dəfə artım əmsalları tətbiq edilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri, TƏBİB-in Müşahidə Şurasının üzvü Elnara Muradova səsləndirib.
O bildirib ki, bu ardıcıl sosial siyasətin davamı olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən irəli sürülən tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsünü Prezident İlham Əliyevin müsbət qarşılayaraq icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətimizin tibb işçilərinin əməyinə verdiyi yüksək dəyərin və onların sosial rifahına göstərdiyi davamlı diqqətin növbəti ifadəsidir: “Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunur və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edəcək. Əməkhaqqı artımlarının vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla fərdiləşdirilməsi nəzərdə tutulur. Xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər üçün nəzərdə tutulan əlavə stimullaşdırıcı mexanizmlər peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Elnara Muradova, həmçinin vurğulayıb ki, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, onların əməyinin layiqincə qiymətləndirilməsinə və rifahının yüksəldilməsinə xidmət edən bu mühüm qərarı yüksək qiymətləndirir: “Ölkə rəhbərliyinə səhiyyə işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, tibb işçilərinin əməyinə verilən dəyər onların sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, səhiyyə sisteminin dayanıqlılığının, tibbi xidmətlərin keyfiyyətinin və bütövlükdə əhalinin sağlamlığının təmin olunmasına qoyulan mühüm sərmayədir”.