Dövlət Komitəsinin dəstəyi ilə Sarayevoda beynəlxalq forum təşkil edilib
Bakı, 10 noyabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Bosniya və Herseqovinada beynəlxalq forum keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkənin sabiq Baş naziri Zlatko Laqumciyanın rəhbərlik etdiyi “Müştərək Cəmiyyətlər və Dəyərlər” təşkilatının paytaxt Sarayevoda keçirdiyi “Gələcəyə baxış - Dayton razılaşmasından 20 il sonra” adlı foruma Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri də qatılıb.
Tədbirdə Dayton razılaşmasından keçən 20 il ərzində Balkan regionunda, xüsusilə də Bosniya və Herseqovinada baş vermiş proseslər, problemlər və onların həlli yolları müzakirə edilib. Müzakirələrdə Niderland Krallığının sabiq Baş naziri Vim Kok, Avstriyanın keçmiş Kansleri Alfred Güsenbauer, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya və bu ölkənin rəsmiləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində 2016-cı ilin mart ayında təşkil olunacaq IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə bir sıra görüşlər keçirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovu qəbul edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçə Qlobal Bakı Forumuna hazırlıq prosesi barədə məlumat verilib. Görüşdə R.Muradov forumda iştirakla bağlı Mərkəzin həmsədrləri adından rəsmi dəvət məktubunu M.İvaniçə təqdim edib. M.İvaniç dəvəti qəbul etdiyini bildirib və Bosniya və Herseqovinada da ali səviyyəli toplantının keçirilməsini təklif edib.
Xatırladaq ki, M.İvaniç Dövlət Komitəsi və Mərkəzin dəstəyi ilə bu il oktyabrın 8-9-da Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş ali səviyyəli toplantıda da iştırak edib.