DÖVLƏT PROQRAMININ HAZIRLANMASI ÜZRƏ KOMİSSİYANIN VƏ İŞÇİ QRUPUNUN İLK İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 15-də “Avropa” mehmanxanasında İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası regionlarının davamlı sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)” layihəsinin hazırlanması ilə bağlı yaradılmış komissiyanın və işçi qrupunun ilk iclası keçirilmişdir. İclasda mərkəzi və yerli icra hakimiyyəti orqanları təmsilçilərinin daxil olduğu komissiya və işçi qrupunun üzvləri ilə yanaşı, Prezidentin İcra Aparatı, Nazirlər Kabineti və Milli Məclisin nümayəndələri də iştirak edirdilər.
İclasda yeni Dövlət Proqramı ilə bağlı yerli və mərkəzi icra hakimiyyəti orqanlarının təkliflərinin araşdırılması, həyata keçiriləcək tədbirlərin maliyyə təminatı, icra müddəti və digər məsələlər müzakirə olunmuşdur.
İqtisadi inkişaf naziri Heydər Babayev demişdir ki, Prezident İlham Əliyevin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir.
Nazir məlumat vermişdir ki, ölkəmizin başçısı ötən müddətdə bütün bölgələrə mütəmadi səfərlər etmiş, Dövlət Proqramının icrasının gedişi ilə yerində tanış olmuş və bu səfərlərin nəticəsi olaraq ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə sərəncamlar imzalamışdır. Regionların sosial-iqtisadi inkişafına göstərilən bu qayğı Dövlət Proqramının uğurlu icrasının həlledici amili olmuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və yoxsulluğun səviyyəsinin 16 faizədək azaldılmasına səbəb olmuşdur.
Natiq diqqətə çardırmışdır ki, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 668 min yeni iş yeri yaradılmışdır. Bunun 480 mini daimidir. Yeni iş yerlərinin 80 faizindən çoxu regionların payına düşür. Bölgələrdə yeni müəssisələr fəaliyyətə başlamış, quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Ümumiyyətlə, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin 98 faizi yerinə yetirilmişdir. Bu gün əminliklə demək olar ki, ölkədə formalaşmış əlverişli iqtisadi mühit, həyata keçirilən iqtisadi siyasət Dövlət Proqramının uğurla başa çatdırılmasını təmin edəcəkdir.
Heydər Babayev bildirmişdir ki, Dövlət Proqramının icrası 2008-ci ildə başa çatır. Bunu nəzərə alaraq, Prezident İlham Əliyev 2009-2013-cü illəri əhatə edəcək yeni proqramın hazırlanması tapşırığını vermişdir. Yeni proqramda ölkə vətəndaşlarını narahat edən bütün məsələlər, o cümlədən hər bir kəndin problemləri də öz əksini tapacaqdır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı ölkədə aparılan dövlət siyasətinin məntiqi davamı kimi hazırlanacaq yeni proqram bölgələrdə mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun, o cümlədən sənaye sahələrinin, kənd təsərrüfatı məhsulları istehsalının, emalının, kommunal xidmət, digər infrastruktur obyektlərinin, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun müasirləşdirilməsi və sair üzrə həyata keçiriləcək tədbirləri əhatə edəcəkdir. Sənədin hazırlanması ilə bağlı nazirlik tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciətlər edilmiş və daxil olmuş təkliflər ümumiləşdirilmişdir. İqtisadi inkişaf nazirinin müvafiq əmri ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən, alimlərdən ibarət komissiya və işçi qrupu yaradılmışdır.
Nazir birgə səylərlə Dövlət Proqramının ölkəmizin başçısının irəli sürdüyü tələblər səviyyəsində hazırlanmasına nail olunacağına əminliyini vurğulamışdır.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə proqramda əksini tapacaq məsələlərlə bağlı fikirlərini söyləmiş və təkliflərini vermişdir.
Sonda nazir Heydər Babayev Ziyad Səmədzadənin çıxışında səslənən təkliflərə dair fikirlərini bildirmiş və onların nəzərə alınacağını qeyd etmişdir.
İclasda yeni Dövlət Proqramının layihəsinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında 20 gün müddətində baxılması qərara alınmış, işçi qrupuna isə daxil olmuş rəy və təklifləri 1 ay müddətində ümumiləşdirərək Dövlət Proqramı layihəsinin yekun variantını hazırlamaq tapşırılmışdır.
######
![]() |
![]() |

