Dövlət qulluqçusu davranışı ilə başqalarına nümunə olmalı,öz vəzifə borcunu vicdanla yerinə yetirməlidir
Qax, 23 iyun (AZƏRTAC). Dövlət qulluqçusu davranışı ilə başqalarına nümunə olmalı, öz vəzifə borcunu vicdanla yerinə yetirməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Qax Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda məruzə və çıxışlarda səsləndirilmişdir.
Rayonun dövlət qulluqçuları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Yığıncaqda bildirilmişdir ki, respublikamızda demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun rolu, habelə BMT Baş Məclisinin tövsiyəsi nəzərə alınaraq, Azərbaycan Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı ilə hər il iyunun 23-ü ölkəmizdə “Dövlət qulluqçularının peşə bayramı günü” kimi geniş qeyd olunur. Vurğulanmışdır ki, dövlət qulluğu mühüm əhəmiyyət daşıyan bir sahə, çətin və məsuliyyətli, eyni zamanda, şərəfli bir peşədir. Dövlətin nüfuzu, inkişafı dövlət qulluqçusunun, məmurun fəaliyyəti ilə bilavasitə bağlıdır.
Məruzə və çıxışlarda ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğu xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, 2000-ci il iyunun 21-də qəbul olunan “Dövlət Qulluğu haqqında” Qanun dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri, dövlət qulluqçuları ilə bağlı məsələləri tənzimləyir, həyata keçirilən kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdə yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirir. Bu qanun həm də, dövlət orqanlarının üzərinə düşən funksiyaların keyfiyyətlə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar işçi korpusunun formalaşdırılması və inkişafını stimullaşdırır.
Tədbirdə çıxış edənlər rayonun dövlət qulluqçularını əlamətdar bayram münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Dövlət orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu rayon icra hakimiyyətinin fəxri fərman və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.