CƏMİYYƏT
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Beynəlxalq Yoqa Federasiyası tərəfindən təltif edilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Beynəlxalq Yoqa Federasiyası tərəfindən Fəxri Diplomla təltif edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Azərbaycanda yoqa hərəkatının geniş yayılmasına verdiyi dəstəyə görə Beynəlxalq Yoqa Federasiyası tərəfindən Fəxri Diplomla təltif edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin reabilitasiya müəssisələrində yoqa təlimlərinin tətbiqinə də önəm verilməsi və əlilliyi olan şəxslər üçün artıq 2 ilə yaxındır yoqa məşqlərinə də yer ayrılması federasiya tərəfindən yüksək dəyərləndirilir. Bununla bağlı Türkiyənin bir sıra nüfuzlu jurnallarında geniş məqalələr də dərc olunub.
Qeyd edək ki, yoqa məşqləri Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi, idman ustası, beynəlxalq dərəcəli hakim, Azərbaycan Yoqa Klubunun prezidenti Sevindik Mehdiyev tərəfindən keçirilir. Agentliyin tabeliyindəki 14 reabilitasiya müəssisəsində əlilliyi olan yüzlərlə şəxs həm əyani, həm də telereabilitasiya formasında bu məşqlərə cəlb olunur.
Həmçinin əlilliyi olan şəxslərə yoqa məşqlərinin keçirilməsi məqsədilə müəssisələrin müalicəvi bədən tərbiyəsi təlimatçılarına yoqanın əsasları da tədris edilir.
Yoqa ilə müntəzəm məşğul olmaq emosional fona, stresə davamlılığa, dayaq-hərəkət aparatının və qan dövranı, ürək-damar və tənəffüs sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Bu baxımdan alternativ reabilitasiya metodu kimi yoqa təlimlərinin davamlı şəkildə həyata keçirilməsi məqsədəuyğun sayılır.