Dövlət Yanğın Nəzarəti Xidməti videokonfrans formatında seminar-müşavirə keçirib
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşəbbüsü ilə pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Salyan Rayon İcra Hakimiyyətində videokonfrans formatında seminar-müşavirə keçirilib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini-fövqəladə hallar komissiyasının sədri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, “MKT İstehsalat Kommersiya” MMC-nin rayon filialının pambıq qəbulu və emalı ilə məşğul olan zavod və məntəqələrinin və digər aidiyyəti müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
“Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən regional seminar-müşavirədə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsöndürmə vasitələri, qığılcımsöndürənlər və süpürgələrlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməsinin, su mənbələrinə yollar salınmasının, hovuzların yanında avtomobillərin dönə bilməsi, manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də vurğulanıb.