Dövlətimizin başçısını Belçikada həmvətənlərimizlə birlikdə qarşılamağımız böyük tarixi şansdır
Bakı, 15 dekabr, AZƏRTAC
Avropada, Belçika Krallığının paytaxtı Brüsseldə təhsil alan azərbaycanlı gənclər kimi biz bu günlərdə böyük qürur və şərəf hissi yaşadıq. Bu tarixi anları bizə Prezident İlham Əliyev yaşatdı. Vətənimizin, xalqımızın, dövlətimizin, Qarabağın azadlığı uğrunda 44 gün davam edən Vətən müharibəsinin qalibi kimi ordumuzun Müzəffər Ali Baş Komandanı bu Qələbədən sonra Brüsselə səfəri Avropada təhsil alan biz gənclərdə böyük məmnuniyyət və inam hissi yaratdı. Dövlətimizin başçısını burda həmvətənlərimizlə, tələbə gənclərimizlə birlikdə qarşılamağımız böyük tarixi şansdır. Biz özümüzü qalib ölkənin gəncləri kimi daha məğrur hiss etdik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Belçikada KU Leuven universitetində təhsil alan Cavid Həbiyev deyib.
O qeyd edib ki, həmvətənlərimiz dövlətimizin başçısı İlham Əliyevin Brüsselə səfəri çərçivəsində NATO sammitində iştirakını, Alyansın Baş katibi Yens Stoltenberq və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşlərini, habelə Avropa İttifaqı və Ermənistan rəhbərliyi ilə üçtərəfli görüşünü mediadan diqqətlə izləyiblər.
“Prezidentimizin bu görüşlərdə işğaldan azad edilmiş ərazilər və Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı milli maraqlarımza yönəlmiş konstruktiv mövqeyi, ölkəmizin təhlükəsizliyi, nüfuzu ilə bağlı aydın və qəti fikirləri, görüşlərdə məqsədlərimizə nail olmağı, beləlikə səfərin Azərbaycanın milli maraqlarına uyğun nəticələnməsi, onun diplomatik bacarığını və milli təəssübkeşliyini bir daha nümayiş etdirdi. Bu, ölkəmiz, millətimiz, dövlətimiz adına olduqca qürurvericidir”, - deyə tələbə vurğulayıb.