Drezdendə 20 Yanvar faciəsi qurbanlarını anma mərasimi keçirilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Yanvarın 19-da Almaniyanın Drezden şəhərində “Alm.az” Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi və eyni zamanda şanlı qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, tədbirdə soydaşlarımızla yanaşı, alman ictimaiyyətinin nümayəndələri, Drezden şəhərində fəaliyyət göstərən rus, yəhudi, belarus və Ukrayna icmalarının təmsilçiləri də iştirak etmişlər.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“Alm.az” Cəmiyyətinin sədri Ağahüseyn Babayev tədbir iştirakçılarına keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş misli görünməmiş terror aktı barədə məlumat vermişdir.
Almaniya Sosial Demokrat Partiyasının (SPD) katibi German Levenfus 20 Yanvar faciəsi haqqında geniş nitq söyləmişdir.
Sonda alman rəssamı A.Rossmaerin 20 Yanvar faciəsinə həsr etdiyi “Help” (“İmdad”) adlı rəsm əsəri qonaqlara təqdim edilmişdir.