SİYASƏT
Dubay mətbuatında Müstəqillik Gününə həsr olunmuş məqalə dərc edilib
Qahirə, 28 may, AZƏRTAC
Dubayın “Samanews”, “DubaiGlobal”, “Əl Vatan”, “Dubai Hospitality” nəşrlərində Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynovun Müstəqillik Gününə həsr olunmuş məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci il mayın 28-də elan edilmiş və müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, həyata keçirdiyi islahatlardan bəhs edilib. Diqqətə çatdırılır ki, ilk parlamentli cümhuriyyət mövcud olduğu iki ilə yaxın müddətdə mühüm dövlət institutları təsis edib, eyni zamanda xalqımızın müstəqillik ideyalarının carçısına çevrilib. Bolşevik işğalı nəticəsində fəaliyyətini dayandıran AXC-nin dövlətçilik ənənələri 71 il sonra, sovet ittifaqının süqutundan sonra davam etdirilib, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində dünyada böyük nüfuza malik, qüdrətli iqtisadiyyatı, güclü ordusu olan demokratik Azərbaycan Respublikası qurulub. Bu gün Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilata sədrlik edən ölkəmiz dünya birliyinin ən etibarlı üzvüdür və ərəb ölkələri ilə sıx əməkdaşlıq edir.
Müstəqilliyin ilk illərində Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın ərazilərinin 20 faizinin işğal olunduğunu diqqətə çatdıran müəllif qeyd edib: “Ulu Öndərin müdrik siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız cəmi 44 gün ərzində düşmən tapdağından azad edilib, hazırda azadlığına qovuşmuş Qarabağda geniş bərpa-rekonstruksiya işləri aparılır. Erməni vandallarının viran qoyduqları ərazilərdə şəhər və kəndləri, infrastruktur obyektlərini və tarixi abidələri bərpa edən Azərbaycan xalqı gələcəyə nikbinliklə baxır”, -deyə Cavidan Hüseynov məqalənin sonunda vurğulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə