Dubayda “Polis nəfərləri olmadan polis xidməti” təşəbbüsü həyata keçirilir
Əbu-Dabi, 14 mart, AZƏRTAC
Dubayın hakimiyyət orqanları “Polis nəfərləri olmadan polis xidməti” innovasiya layihəsini təqdim ediblər. Bu layihə irimiqyaslı “Dubai 10X” proqramının bir hissəsidir.
AZƏRTAC Əmirliklərin yerli KİV-lərinə istinadla xəbər verir ki, yeni layihənin məqsədi şəhərin rəqabətqabiliyyətliliyinin artırılmasına şərait yaradan bir sıra innovasiyalı tədbirləri yerinə yetirərək, Dubayı gələcəyin şəhərinə çevirməkdir.
Layihəyə əsasən şəhərdə stasionar kameraların quraşdırılması, nəzarət dirijablı buraxılması və ənənəvi polis məntəqələrinin açılmasına ehtiyac olmadan fövqəladə vəziyyətlərə operativ yanaşmanı təmin edən patrul stansiyaları yaradılması nəzərdə tutulur. Qeyd olunur ki, “Dubai 10X” təşəbbüsü Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum tərəfindən təqdim olunub. Layihəyə rəhbərliyi isə Dubayın vəliəhd-şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Al Məktum həyata keçirir. “Dubai 10X” layihəsi Dubayın bütün hökumət strukturlarının digər ölkələri bütün istiqamətlərdə10 il qabaqlamaq məqsədi daşıyır.
Dubay Departamentinin rəhbəri general Abdulla Al Merri bəyan edib ki, “Polis nəfərləri olmadan polis xidməti” konsepsiyasını həyata keçirəcək bu layihə daimi polis nəfərləri olmadan vətəndaşların təhlükəsizliyinə ən yüksək səviyyədə nail olmağa istiqamətlənəcək. Belə layihələr vətəndaşların hakimiyyət orqanlarına inamını artırır və BƏƏ-nin bütün sakinlərinin həyatını daha da xoşbəxt edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi