Dünya Azərbaycanlılarının Həmrəylik Günü Afinada da qeyd edilib
Afina, 28 dekabr, AZƏRTAC
Afinada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə Afina və ətraf şəhərlərdə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu əlamətdar gününün xarici ölkələrdə yaşayan milyonlarla soydaşımız tərəfindən hər il ruh yüksəkliyi ilə bayram edildiyi bildirilib.
Bildirilib ki, cari ildə də ölkəmiz Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə dinamik və sürətlə inkişaf edib. Azərbaycan güclü ölkə kimi, dünya miqyasında özünü təsdiqləyib və beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib. Bir çox qlobal transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli töhfələr verdiyi diqqətə çatdırılıb.
Azərbaycanın uğurlarının, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin yunan ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun fəal və qətiyyətli fəaliyyətinin əhəmiyyəti qeyd edilib. Bu məqsədlə soydaşlarımızın daha da sıx birləşməsinin, milli maraqlarımızın qətiyyətlə müdafiə olunmasının, anti-Azərbaycan dairələrinin təxribatçı əməllərinə qarşı prinsipial mübarizənin əhəmiyyəti vurğulanıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina