DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYININ NÜMAYƏNDƏSİ SÜDABƏ MƏMMƏDOVA: BİZ GƏLƏCƏYİMİZİ, UŞAQLARIMIZI DÜŞÜNÜRÜK
- Südabə xanım, bir qədər özünüz barədə məlumat verin.
- Mən Litvada 1970-ci ildən yaşayıram. Vilnüs Universitetinin riyaziyyat fakültəsini bitirmişəm. Maliyyə inspeksiyasında işləyirəm. 2001-ci ildə Dünya azərbaycanlılarının I qurultayında iştirak etmişəm, bu dəfə də Bakıya 8 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində gəlmişəm.
- Litvada azərbaycanlılar çoxdurmu və onlar bir-biri ilə əlaqə saxlayırlarmı?
- 20-30 nəfər sıx əlaqə saxlayır, biz tez-tez yığışır, problemlərimizi müzakirə edirik... Əlbəttə, Litvada azərbaycanlılar daha çoxdur, lakin onlar diasporun işinə müəyyən mərhələlərdə qoşulurlar.
- Həmvətənlərimiz Litva torpağında necə yaşayır, hansı problemlərlə üzləşirlər, qurultayda hansı məsələləri müzakirə etmək niyyətindəsiniz? Bakıdakı görüşlərinizdən nə gözləyirsiniz?
- Etiraf etməliyəm ki, çətinliklərimiz çoxdur. Əvvəla, Vilnüsdən Bakıya gəlmək asan deyildir. Viza problemi meydana çıxır. Axı, Litvada Azərbaycanın nə səfirliyi, nə də konsulluğu var. Biz qurultayda bu məsələni qaldırmaq niyyətindəyik.
Əlbəttə, əsasən, öz qüvvəmiz hesabına vəziyyətdən çıxırıq. Biz, xaricdə yaşayan azərbaycanlılar uşaqlarımız, onların gələcəyi barədə ciddi düşünməyə başlamışıq. Onlar ana dilini, milli mədəniyyətimizi qoruyub saxlamalıdırlar. Lakin onların əksəriyyəti Litva və ya rus dillərində təhsil alırlar! Odur ki, biz Azərbaycan axşam məktəbi açmaq qərarına gəlmişik. Bu istiqamətdə xeyli iş görürük. Ümidvarıq ki, məktəb cari ildə açılacaqdır.
Qurultayda başqa ölkələrdə, ilk növbədə, Baltikyanı dövlətlərdə yaşayan həmvətənlərimizlə əlaqələr yaratmaq niyyətindəyik. Bizim onlarla çoxlu ümumi problemimiz var, bunların həlli yolları da bir olmalıdır. Azərbaycanın da köməyinə ümid bəsləyirik. Yeni açılacaq axşam məktəbinə dərsliklər lazım olacaqdır. Bir çox digər məsələlər də var ki, onların da həllində bizə kömək göstəriləcəyinə ümid bəsləyirik. Nümayəndə heyətimiz qurultaya böyük ümidlərlə gəlmişdir. Litvada yaşayan azərbaycanlıların qayğılarını diqqət mərkəzinə çəkmək istəyirik.