DÜNYA BANKI AZƏRBAYCANDA TƏHSİL SEKTORUNUN İNKİŞAFI LAYİHƏLƏRİNİ DƏSTƏKLƏYİR
AZƏRTAC xəbər verir ki, Dünya Bankı ilə Azərbaycan hökuməti arasında Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin maliyyələşdirilməsinə dair saziş imzalanmışdır.
Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əvvəl də müvafiq sazişlər imzalanmışdır. 1999-cu ildə Azərbaycanın təhsil sahəsində islahat proqramı təsdiq edilmiş, 1999-2003-cü illəri əhatə edən Təhsil İslahatı Layihəsi hazırlanmışdır. Bu layihənin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında təhsil sahəsində sayca Birinci Kredit Sazişi imzalanmışdır.
Təhsil İslahatı Layihəsinin dəyəri 5,5 milyon ABŞ dolları təşkil etmiş və bu məbləğin 500 min dolları Azərbaycan hökumətinin payına düşmüşdür. Həmin layihə 2004-cü il martın 31-də başa çatmışdır.
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin həyata keçirilməsi üçün 45,4 milyon ABŞ dolları məbləğində vəsait nəzərdə tutulmuşdur. Həmin vəsaitin 25 milyonunu Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti təşkil edir. 20,4 milyon dolları isə Azərbaycan hökumətinin iştirak payı kimi müəyyənləşdirilmişdir.
Ümumi təhsil sistemində əvvəlki layihədə başlanılan kurrikulum, şagird nailiyyətlərinin qiymətləndirilməsi, müəllim hazırlığı və s. məsələlərlə yanaşı, bu layihədə məktəbə hazırlıq və peşə təhsili sahəsində də islahatlar nəzərdə tutulmuşdur.