Dünya Bankının missiyası ilə birgə əmək bazarı ilə əlaqədar müzakirələr aparılıb
Bakı, 16 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının ölkəmizdə iş yerləri ilə bağlı tədqiqat və strategiya üzrə missiyası ilə birgə əmək bazarı proqramlarına, habelə əmək bazarının monitorinqinə və məşğulluq məsələlərinə dair texniki görüş müstəvisində müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev respublikamızın dayanıqlı və uzunmüddətli sosial-iqtisadi inkişafına nail olunmasına yönələn islahatlar proqramında məşğulluq amilinin mühüm yer tutduğunu qeyd edib. Nazir müavini iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun genişlənməsinə, biznes mühitinin yaxşılaşmasına və sahibkarlığın hərtərəfli dəstəklənməsinə yönələn kompleks tədbirlərin son 15 ildə yeni iş yerlərinin yaradılmasına, işsizliyin aşağı səviyyəyə enməsinə imkan verdiyini söyləyib. O, əmək bazarının tənzimlənməsi, bu sahədə fəaliyyət mexanizminin səmərəliliyinin artırılması yönündə aparılan ardıcıl və məqsədyönlü işlərdən bəhs edən nazir müavini əmək bazarının səmərəliliyi üzrə ölkəmizin beynəlxalq reytinqinin daim artmaqda olduğunu, 2017-2018 Qlobal Rəqabətlilik Hesabatında daha 9 pillə irəliləyərək 17-ci yeri tutduğunu nəzərə çatdırıb.
Nazir müavini həmçinin Beynəlxalq Əmək Təşkilatının layiqli əmək konsepsiyasının da həyata keçirilməsi sahəsində ölkəmizin fəal siyasətə malik olduğunu, bununla əlaqədar artıq ikinci Ölkə Proqramının icra edildiyini önə çəkib.
“Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılmasının, ümumən orta və uzunmüddətli dövr üçün təkmil proqnozlaşdırma sisteminin yaradılmasının diqqətdə saxlanıldığı bildirilib. Bu sahədə Milli Observatoriyanın (müşahidə sisteminin) formalaşdırılması üçün aparılan işlər barədə məlumat verilib. Respublikamızda sosial müdafiə sisteminin aktiv əmək bazarı proqramları ilə uzlaşdırılmaqla səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər qeyd olunub. Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün kiçik ailə təsərrüfatları yaradılması prosesinin genişləndirildiyi, onların sahibkarlığa çıxışına şərait yaradıldığı, habelə bu əsasda gələcəkdə yeni iş yerlərinin yaradılmasına əlavə dəstəyin verildiyi bildirilib.
Dünya Bankının missiyasının üzvləri - proqram rəhbəri Lire Ersado, baş iqtisadçılar Muhammed İhsan Ayvad və Maykl Ueber ölkəmizin əmək bazarında aktiv tədbirlərə istinad olunmaqla təsirli alət və mexanizmlərdən istifadə praktikasının genişlənməsinin məqsədəuyğun olduğunu və səmərəli məşğulluq imkanlarının artırılmasında müsbət nəticələrə imkan verdiyini bildiriblər.
Görüş əmək bazarı proqramlarının təşkili, əmək bazarı üzrə təkmil monitorinq sisteminin yaradılması və s. mövzularda müzakirələrlə davam edib.