Dünya Köçəri Oyunları: Türk dünyasının ortaq mədəni irsinin rəssamlıqda təcəssümü
Bakı, 1 sentyabr, AZƏRTAC
Dünya Köçəri Oyunları türk xalqlarının əsrlər boyu formalaşmış ortaq mədəni yaddaşının, adət-ənənələrinin və mənəvi dəyərlərinin qorunması və təbliği baxımından mühüm platformadır. Bu irsin rəssamlıq və dekorativ-tətbiqi sənətdə müxtəlif bədii formalarda əks olunması isə Türk dünyasının ortaq mədəni bağlarının daha da möhkəmlənməsinə xidmət edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor Salxab Məmmədov söyləyib.
Professor bildirib ki, Dünya Köçəri Oyunlarının əhəmiyyəti yalnız ənənəvi idman növlərinin qorunması və təbliği ilə məhdudlaşmır. Burada Türk dünyasının zəngin mədəni irsi bütün rəngarəngliyi ilə təqdim olunur və bu irsin mühüm ifadə vasitələrindən biri də təsviri və dekorativ-tətbiqi sənətdir.
Müsahibimiz bildirib ki, ortaq mədəni yaddaşın izlərini türk xalqlarının rəssamlığında, xalçaçılığında, milli geyimlərində, ornament və naxışlarında, eləcə də digər sənət nümunələrində aydın görmək mümkündür: “At və atçılıq mədəniyyəti, köç və yaylaq həyatı, təbiətlə bağlı motivlər, milli məişət səhnələri, ənənəvi geyim elementləri, xalça ornamentləri və müxtəlif rəmzlər rəssamların yaradıcılığında fərqli bədii formalarda öz əksini tapır. Ayrı-ayrı türk xalqlarında bu motivlərin ifadə üsulu, rəng həlli və bədii interpretasiyası fərqlənsə də, onların əsasında ortaq tarixi-mədəni yaddaş dayanır. Məhz buna görə bu irs müasir rəssam üçün yalnız keçmişin təsviri deyil, eyni zamanda, yeni yaradıcılıq axtarışları üçün zəngin mənbədir.
Azərbaycan Rəssamlıq Akademiyasında milli-mədəni irsin, eləcə də Türk dünyasının ortaq bədii dəyərlərinin öyrənilməsi və müasir sənətin dili ilə ifadə olunması tədris və yaradıcılıq prosesində diqqətdə saxlanılır. Hər il tələbələrimizin diplom işlərinin müəyyən hissəsində milli ənənələrə, tarixi-mədəni yaddaşa, xalça və ornament sənətinə, milli geyimlərə, atçılıq mədəniyyətinə və digər ənənəvi motivlərə müraciət olunur”.
Professor bu il təqdim olunan diplom işləri arasında özünün rəhbərik etdiyi Nurmetova Leylahonun əsərinin bu baxımdan diqqətçəkən nümunələrdən biri olduğunu söyləyib: “Bu cür yaradıcılıq işləri gənc rəssamların milli və ortaq mədəni irsi müasir bədii düşüncə və fərdi yaradıcılıq dili ilə təqdim etməyə marağını göstərir. Bu istiqamətdə Türk dünyası ölkələrinin incəsənət və rəssamlıq təhsili müəssisələri arasında əməkdaşlığın genişlənməsi də mühüm rol oynayır. Akademiyamızın müəllim və tələbələrinin türk dövlətlərinin müvafiq ali təhsil müəssisələri ilə qarşılıqlı səfərləri, təcrübə və yaradıcılıq mübadilələri ortaq mədəni irsin daha yaxından öyrənilməsinə, müxtəlif rəssamlıq məktəblərinin qarşılıqlı tanınmasına və yeni yaradıcılıq əlaqələrinin formalaşmasına imkan verir. Türk dövlətlərinin incəsənət və rəssamlıq istiqaməti üzrə ali təhsil müəssisələrini bir araya gətirən Rektorlar Şurasının yaradılması da bu baxımdan mühüm addımdır. Bu platforma Türk dünyasının ortaq bədii irsinin elmi və yaradıcı müstəvidə araşdırılması, qorunması və müasir sənətdə yaşadılması üçün yeni imkanlar yaradır. Eyni zamanda, bu cür institusional əməkdaşlıq müxtəlif ölkələrin sənət və təhsil mühitləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Dünya Köçəri Oyunları kimi genişmiqyaslı beynəlxalq tədbirlər də bu prosesə yeni imkanlar açır. Hesab edirəm ki, ortaq mədəni irsimizin rəssamlıq və digər sənət sahələrində müasir bədii dillə yaşadılması Türk dünyasının mədəni bağlarını daha da möhkəmləndirir. Bu irsin gücü ondadır ki, o, keçmişi qorumaqla yanaşı, yeni yaradıcılıq ideyalarının yaranmasına və ortaq mədəni yaddaşın gələcək nəsillərə ötürülməsinə imkan verir”.
Müxbir - Tünzalə Arazlı