DÜNYA ŞƏHƏRLƏRİ MERLƏRİNİN NÖVBƏTİ BEYNƏLXALQ KONFRANSI İSTANBULDA KEÇİRİLƏCƏK
“Şəhələrin diplomatiyası” 3-cü beynəlxalq konfransı zamanı iri şəhərlərin təhlükəsizliyi probleminin həllində, terrorizmlə mübarizədə səylərin birləşdirilməsi məsələləri, yoxsulluqla və sosial bərabərsizliklə mübarizə, habelə ekologiya, nəqliyyat, təsərrüfat sahələrində əməkdaşlıq problemləri və bütün şəhərlər üçün digər ümumi problemlər müzakirə olunmuşdur.
Konfransın sonunda merlər “Dünya şəhərlərinin merləri terrorizmin əleyhinədir” adlı bəyanat, şəhərlərin XXI əsrdə və ən yaxın müddətdə məqsəd və vəzifələri barədə bəyannamə, habelə olimpiya hərəkatının və idmanın dəstəklənməsi haqqında bəyannamə qəbul etmişlər.
Eyni zamanda, Moskva, Berlin, London və Parisin merləri “Avropa merləri dördlüyü” yaradıldığını bildirmiş və yeni təşkilatın məqsəd və vəzifələrini müəyyənləşdirən birgə bəyannamə qəbul etmişlər.
Konfransın bağlanış mərasiminin sonunda Moskva meri Yuri Lujkov növbəti konfransın keçirilmə estafetini İstanbul şəhərinin merinə vermişdir. Dünya şəhərləri merlərinin 2006-cı ildə bu şəhərdə keçiriləcək növbəti görüşündə şəhərlər arasında dialoq davam etdiriləcəkdir.
Xatırladaq ki, dünya şəhərləri merlərinin birinci təsis konfransı 2000-ci ildə Parisdə keçirilmişdir.