DÜNYA XOCALI FACİƏSİNDƏN XƏBƏRDAR OLMALIDIR
Fevralın 24-də ölkəmizin Kiyevdəki səfirliyində Xocalı soyqırımının 11-ci ildönümü ilə əlaqədar Ukrayna, Belarus və Moldovada keçiriləcək tədbirlərə hazırlığa dair iclas olmuşdur. İclasda diplomatlar, Ukrayna Azərbaycanlıları Konqresinin rəhbərləri və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı iştirak etmişdir.
Səfir T.Əliyev görülmüş işlər barədə məlumat verərək, Xocalı sakinlərinin BMT-yə, ATƏT-ə və Avropa Şurasına, Azərbaycanın dini konfessiyaları başçılarının dünya ictimaiyyətinə müraciət etdiyini və bu müraciətlərin Ukraynada akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara, Ukrayna Prezidentinin İcra Aparatına, Ali Radaya, Nazirlər Kabinetinə göndərildiyini bildirmişdir. Səfir demişdir ki, əsas diqqət gənc nəslin, həm də təkcə azərbaycanlıların yox, onların ukraynalı yaşıdlarının da məlumatlandırılmasına yönəldiləcəkdir. Bununla əlaqədar T.Şevçenko adına Kiyev Milli Universitetində, Heydər Əliyev adına Sosial Elmlər və Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan xalqının hüznlü gününə həsr olunmuş tədbirlər keçiriləcəkdir.
Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyət göstərdiyi 27 bölgənin hamısında Xocalı qurbunlarının xatirəsi anılacaqdır.
Fevralın 26-da səfirlikdə Azərbaycan diplomatlarının, Ukrayna Azərbaycanlıları Konqresi, Ukrayna ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ehsan veriləcək, fevralın 28-də isə 50 ölkənin möminləri Kiyev məscidində Dağlıq Qarabağ münaqişəsinin ən qanlı faciəsinin günahsız qurbanlarının ruhlarına dualar oxuyacaqlar.
Kiyevdə çıxan “Qolos Azerbaydjana” qəzetinin bütöv bir nömrəsi Xocalı faciəsinə həsr olunacaqdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev