SİYASƏT
Dünyanın aparıcı iqtisadi, maliyyə və reytinq təşkilatlarının hesabatlarında Azərbaycanın nailiyyətləri yüksək qiymətləndirilir
Bakı, 2 yanvar (AZƏRTAC). Dünyanın aparıcı iqtisadi, maliyyə və reytinq təşkilatlarının hesabatlarında Azərbaycanın nailiyyətləri yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı hesablamalarında Azərbaycan 55-ci yerə layiq görülmüşdür. Bütün MDB məkanında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Azərbaycan liderdir.
Bu fikirləri Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AZƏRTAC-a müsahibəsində söyləmişdir.
Əli Həsənov bildirmişdir ki, hazırda dünyanın aparıcı ölkələrinin reytinqi aşağı düşür, bu günlərdə nüfuzlu “Standard &Poor`s” beynəlxalq reytinq şirkəti Avropanın 15 aparıcı ölkəsinin, o cümlədən Almaniya və Fransanın reytinqinin aşağı salınması ehtimalının gündəmdə olduğunu bəyan etmişdir. Azərbaycana gəldikdə isə, şirkət bu yaxınlarda ölkəmizin uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-“ investisiya səviyyəsinə qaldırılması, reytinq üzrə proqnozun isə “sabit” olduğu barədə qərar qəbul etmişdir. Əsas kimi ölkənin olduqca güclü daxili və xarici netto-kreditor mövqeyinin formalaşması, neft gəlirlərinin səmərəli idarə olunması, Azərbaycanda güclü fiskal siyasətin aparılması göstərilmişdir.