SİYASƏT
Dünyanın iki böyük regional media qurumu əməkdaşlıq sazişi imzalamağa hazırlaşır
Manama, 17 iyun (AZƏRTAC, Şıxəli Əliyev). Bəhreyn Dövlət Xəbər Agentliyinin ev sahibliyi ilə keçirilən Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin 37-ci iclası iyunun 17-də öz işini OANA - FANA (Ərəb Ölkələri Xəbər Agentlikləri Birliyi) formatında davam etdirmişdir. Bu format iki böyük regional media qurumu arasında əlaqələri daha da inkişaf etdirmək, üzv agentliklər arasında ikitərəfli münasibətlərin dərinləşməsinə kömək göstərmək məqsədi ilə seçilmişdir.
İclası giriş sözü ilə açan Rusiyanın İTAR-TASS agentliyinin Baş direktorunun birinci müavini, OANA-nın baş katibi Mixail Qusman iki böyük media qurumunun əməkdaşlıq niyyətini yüksək qiymətləndirmiş, iclas iştirakçılarını bununla bağlı saziş layihəsinin müzakirəsində fəal iştirak etməyə çağırmışdır.
Səudiyyə Press Agentliyinin və FANA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn də öz növbəsində təmsil etdiyi qurumun regional və beynəlxalq media təşkilatları ilə dialoqu və əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirmiş, OANA ilə bu istiqamətdə saziş imzalanmasının əhəmiyyətini vurğulamışdır.
Daha sonra saziş layihəsi geniş müzakirə olunmuşdur. İki media qurumu arasında əməkdaşlıq sazişinin detalları barədə təkliflər nəzərə alınmaqla, onun OANA İcraiyyə Komitəsinin 2015-ci ilin fevralında Malayziyanın Kuala-Lumpur şəhərində keçiriləcək növbəti iclasında səsvermə yolu ilə qəbul edilməsi qərara alınmışdır.
İclasda, həmçinin Bəhreyn Xəbər Agentliyinin iki ildən bir keçirilməsi nəzərdə tutulan OANA-FANA birgə iclasına ev sahibliyi etmək istəyi iştirakçılar tərəfindən müsbət qarşılanmışdır.
Bununla da iclas öz işini yekunlaşdırmışdır.
Şıxəli Əliyev
AZƏRTAC-ın müxbiri
Manama