Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO
Şəki, 18 sentyabr, AZƏRTAC
Azərbaycan kəlağayısı 2014-cü ildə "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilib. Məhz bu qərardan ilhamlanaraq Azərbaycanın ipəkçilik mərkəzi hesab edilən Şəkidə sənətkarların ən qədim əl işlərinin toplanılmasına başlanılıb. Bu istiqamətdə bir neçə il işləndikdən sonra şəhərin tarix-memarlıq abidələrindən olan Şirin bəyin mülkündə Kəlağayı muzeyi təşkil edilib.
Muzeyin ideya müəlliflərindən olan Ruhiyyə Rəhimova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şirin bəyin mülkü tarix-memarlıq üslubunda bərpa olunaraq yenidən qonaqlar üçün istifadəyə verilib. Bu tarixi məkana gələnlər üçün kəlağayı ilə bağlı ayrıca təqdimat və ustad dərsləri keçirilir. Məqsəd milli baş örtüyünü yerli və beynəlxalq forum və sərgilərə də qatılaraq təbliğ etmək, tanıtmaqdır.
Muzeydə sərgilənən ən qədim kəlağayının 300 yaşı var.
Şəki ipəyi hər zaman dünya bazarlarında öz şöhrətini qoruyub saxlayıb, bu bölgənin baraması, ipək sapı da yüksək qiymətləndirilib. Şəkidə ipəkçilik inkişaf etdikcə onun texnologiyası və istehsalını mənimsəyən xüsusi ixtisaslaşmış təbəqə də formalaşıb. Tarixən olduğu kimi, bu gün də Şəkidə ipək kəlağayılara müxtəlif təbii boyalarla qəliblər vurulur, yenidən onlara həyat verilir.
İpəkçiliyin inkişafı Şəkidə ticarətin və sənətkarlığın formalaşmasına mühüm təsir göstərib. Şəki sənətkarlarının xam ipəkdən hazırladıqları zərif parçalar, gözəl paltarlar, al-əlvan kəlağayılar xarici ölkələrə ixrac olunub, şəhər öz ipəyi ilə bütün dünyada məşhurlaşıb.
Müxbir - Rasim İslamoğlu