DÜŞƏNBƏDƏ MDB HÖKUMƏT BAŞÇILARI ŞURASININ İCLASI BAŞA ÇATMIŞDIR
İclası Tacikistanın Baş naziri Akil Akilov açaraq iştirakçıları salamlamış, əməkdaşlığın genişləndirilməsində bu görüşün xüsusi əhəmiyyət kəsb edəcəyini bildirmişdir.
Tədbirdə MDB ölkələri arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məsələləri ətraflı müzakirə edilmiş, iqtisadi, təhlükəsizlik və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.
İclasın yekunlarına dair “MDB ölkələrinin büdcəsi hesabına maliyyələşən birlik orqanlarının saxlanılması üçün MDB pay bölgülərinin məbləği və bunun hesablanması qaydaları”, “ MDB orqanlarının vahid büdcəsindən maliyyələşən birlik orqanlarının vahid əmək ödənişi sisteminə keçməsinə dair”, ”2006-2010-cu illərdə MDB ölkələrində müharibə veteranları, lokal münaqişələrin və sülhməramlı əməliyyatların iştirakçıları, həmçinin terrorizm qurbanları əmək qabiliyyətini itirdikdə onların həyat səviyyəsinin yaxşılaşdırılması, sosial və tibbi yardımların gücləndirilməsi Konsepsiyası”, “MDB ölkələrinin 2010-cu ilə qədər mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair tədbirlər planı”,”Təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı MDB-nin qüvvələr korpusunun tərkibinə birlik ölkələrindən ayrılan hissələrin reyestrinə düzəlişlər edilməsi” və digər məsələlərlə bağlı 22 sənəd imzalanmışdır. Həmin sənədlərin 15-i müzakirə edilmədən qəbul olunmuşdur.
İclas başa çatdıqdan sonra yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirilmişdir.
Mayın 25-də Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə nümayəndə heyəti Vətənə yola düşmüşdür.