Əbu Dabidə Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə tədbir təşkil edilmişdir
Əbu Dabi, 17 iyun (AZƏRTAC). Əbu Dabidəki “Abu Dhabi Beach Rotana” otelində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir təşkil edilmişdir.
Azərbaycan icmasının üzvlərinin, İtaliyanın neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələrinin qatıldıqları tədbiri giriş nitqi ilə açan Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Elxan Qəhrəman bütün tədbir iştirakçılarına təşəkkürünü bildirmiş və azərbaycanlıları bayram münasibətilə təbrik etmişdir.
1993-cü ilin 15 iyun gününün müasir Azərbaycan üçün tarixi əhəmiyyətindən bəhs edən E.Qəhrəman həmin dövrə qədər və ondan sonrakı illərdə şahidi olduğu vəziyyətlər arasında paralellər aparmış, xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdan ümummilli lider Heydər Əliyevin xilaskar missiyası, Vətən və xalq qarşısındakı xidmətləri barədə qonaqlara ətraflı məlumat vermişdir. Ölkəmizin ali qanunvericilik orqanının xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq, Ulu Öndərin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdiyini yada salan səfir bu gün müstəqil, çiçəklənən və müasirləşən Azərbaycana dünyanın istənilən guşəsindən rahat getməyin və orada unudulmaz günlər keçirməyin məhz dahi liderin Vətəninə və xalqına sərhədsiz məhəbbəti və sədaqəti sayəsində mümkün olması ilə çıxışını yekunlaşdırmışdır.
İtaliyanın neft-qaz sahəsində çalışan şirkətinin əməkdaşı Roberto Konfortola dəvətə görə səfirliyə təşəkkürünü bildirərək, Azərbaycan xalqını təbrik etmiş, ölkəmizdə işlədiyi müddət ərzində hərtərəfli inkişafın şahidi olduğunu və respublikamızın böyük potensiala malik olduğunu qeyd etmişdir.
Tədbir “Azərbaycan Odlar Yurdu” filminin nümayişi və ziyafətlə davam etdirilmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu Dabi