Əcnəbi tələbələr arasında ilk tibbi yardım üzrə müsabiqə keçirilib
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Tibb Universitetinin Beynəlxalq Tələbələr Birliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə əcnəbi tələbələr arasında ilk tibbi yardım üzrə müsabiqə keçirilib.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqə insan həyatını xilas etmək üçün ilk tibbi yardımın əhəmiyyəti haqqında məlumatlılığı artırmaq və tələbələri əsas tələb olunan bacarıqları öyrənməyə həvəsləndirmək məqsədi daşıyıb.
Tədbirdə əsasən İran, İraq, Hindistan, Efiopiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Fələstin, Pakistan, Sudan və Misirdən olan 50-dən çox tələbə iştirak edib. İştirakçılar praktik vərdişlərə yiyələnmək bacarıqlarını nümayiş etdirib və ilk yardım bilikləri haqqında suallara cavab veriblər. Müsabiqənin yekununda Mustafa Al-Fayadh (İsveç), Gynohe Suazo (Honduras), Afaq Mustafa (Sudan), Hassan Wajed Khalil (Pakistan) Tamamm haj Staifi və Saud Abdulaziz İbrahimdən (hər ikisi Suriya) ibarət komanda uğurla çıxış edərək Tibb Universitetinin mükafatına layiq görülüb.
Beynəlxalq tələbələrin iştirakı ilə ilk dəfə keçirilən bu tədbirin gələcəkdə davam etdiriləcəyi nəzərdə tutulub.