Əddis-Əbəbədə Ulu Öndərin anadan olmasının 95 illiyi ilə bağlı seminar keçirilib
Bakı, 12 may, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfirliyi və bu ölkənin Dövlət Qulluğu Universitetinin birgə təşkilatçılığı ilə Əddis-Əbəbədə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Milli dövlət quruculuğunda liderliyin rolu” mövzusunda seminar təşkil olunub.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Efiopiyanın sabiq Prezidenti Neqasso Gidado, Efiopiyanın Liderlik İnstitutunun, Əddis-Əbəbə Universitetinin və Efiopiyanın Dövlət Qulluğu Universitetinin doktor-professor heyəti, akademik və beyin mərkəzlərinin, həmçinin Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və yerli media nümayəndələri iştirak ediblər.
Seminarda geniş təqdimatla çıxış edən səfir Elman Abdullayev ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verib, Azərbaycanda dövlətçiliyin qurulmasında Ümummilli Liderin müstəsna xidmətlərinin olduğunu qeyd edib. E.Abdullayev ulu öndər Heydər Əliyevin Azərbaycanı tənəzzüldən, xaos və parçalanmaq təhlükəsindən xilas edərək, ölkəmizi tərəqqi və inkişaf yoluna çıxartdığını diqqətə çatdırıb. Səfir ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın banisi olduğunu vurğulayıb, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin bütün sahələrdə sürətli inkişafının əsasında dahi şəxsiyyət Heydər Əliyevin tarixi uzaqgörənliyi və müdrik siyasətinin dayandığını bildirib.
Ulu Öndərin Azərbaycanın tarixinə və mədəniyyətinə bağlı şəxsiyyət olduğunu qeyd edən diplomat ümummilli lider Heydər Əliyevin multikulturalizm və tolerantlıq dəyərlərinə xüsusi önəm verdiyini bildirib. Səfir Ümummilli Liderin azərbaycançılıq məfkurəsini yaratdığını və Azərbaycan xalqını bir çətir altında birləşdirdiyini vurğulayıb.
Ulu Öndərin xarici siyasəti barədə iştirakçıları məlumatlandıran səfir E.Abdullayev Azərbaycanın beynəlxalq ictimaiyyətlə, xüsusilə qonşu ölkələrlə əməkdaşlığının genişləndirilməsi və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsində Ümummilli Liderin misilsiz xidmətlərinin olduğunu bildirib.
Seminarda digər qonaqlar, o cümlədən Türkiyənin Əddis-Əbəbədəki səfiri Fatih Ulusoy, Efiopiyanın Somalidəki keçmiş səfiri Vondimu Asamnev, Dövlət Qulluğu Universitetinin vitse-prezidenti Berhanu Belaynuh və Əddis-Əbəbə Universitetinin professoru Assefa Fişa çıxış ediblər. Müzakirələr zamanı ulu öndər Heydər Əliyev tərəfindən yaradılan dövlətçilik və liderlik ənənələrinin xüsusi əhəmiyyəti vurğulanıb.
Sonda məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıblar.
Tədbir Efiopiyanın yerli media qurumlarının diqqət mərkəzində olub.