Ədəbiyyat Muzeyində elmi sessiya: Azərbaycan qadınının elm və mədəniyyətin inkişafında rolu
Bakı, 11 fevral, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan qadınının elm və mədəniyyətin inkişafında rolu” mövzusunda onlayn elmi sessiya keçirilib.
Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbir 11 fevral - “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə təşkil edilib.
Tədbiri muzeyin Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova açaraq BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günün təsis olunduğunu diqqətə çatdırıb. Həmin əlamətdar günün qeyd edilməsində əsas məqsədin qadın və qızların cəmiyyətdə rolunun, həmçinin onların elmi və texnoloji sahələrdə fəal iştirakının təmin edilməsi olduğunu bildirib.
Sevinc Heydərova ölkənin elm, mədəniyyət, mətbuat tarixində, ictimai-siyasi həyatında Azərbaycan qadınlarının rolu, gördükləri işlər və əldə olunan nailiyyətlər barədə də məlumat verib.
Tədbirdə akademiyanın Qadınlar Şurasının sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli çıxış edərək dünyada qadınların elmi uğurlarından, bütövlükdə elmdə gender bərabərliyindən, Azərbaycanda bu sahədəki vəziyyətdən və dövlətin yaratdığı geniş imkanlardan danışıb. O, Azərbaycan qadınlarının cəmiyyətdə rolunun qədim dövrlərdən başlandığını söyləyib, ölkəmizi dünyada tanıdan qadın alimlərimizin fəaliyyətindən söz açıb. Qeyd edib ki, qadınların müxtəlif elm sahələrində fəaliyyətini genişləndirmək məqsədilə beynəlxalq miqyasda proqramlar həyata keçirilir. Belə proqramlar sırasında Böyük Britaniyanın, habelə İslam İnkişaf Bankının dəstəklədiyi təhsil qrantları da yer alır. Azərbaycanda da beynəlxalq layihələrdə iştirak edərək qalib olan qadın alimlərin sayı artır.
Ədəbiyyat Muzeyinin Qadınlar Şurasının üzvləri elm, ədəbiyyat və incəsənət sahəsində nəsillərə yadigar qalacaq əsərləri ilə tanınan qadın sənətkarlar və onların yaradıcılığından bəhs ediblər.
Onlayn elmi sessiyada “Elmdə qadınlar”, “Qarabağ ədəbi mühitində qadınlar”, “Həsrət və ümid poeziyası”, “Rəngkarlıq sənətinin inkişafında Azərbaycan qadınının rolu” mövzularında məruzələr dinlənilib.