Əfqanıstanlı qızların təhsili gələn ilin martında bərpa olunacaq
Bakı, 18 noyabr, AZƏRTAC
Əfqanıstanda qız şagirdlər təhsillərini qış fasiləsindən sonra 2022-ci ilin martında davam etdirəcəklər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Taliban” hərəkatının müvəqqəti hökumətinin Təhsil Nazirliyinin mətbuat katibi Nəzər Məhəmməd Erfan bildirib.
“Bir sıra əyalətlərdə məktəblər qışda bağlanır. Bundan başqa, təhsil sahəsində bəzi qərarlar qəbul edilməli və müvafiq dəyişikliklər həyata keçirilməlidir. Biz qızların orta məktəbdə təhsil almasını bərpa etməyi planlaşdırırıq”, - Nəzər Məhəmməd Erfan belə deyib.
Onun sözlərinə görə, Əfqanıstanın sabiq hökuməti dövründə altıncı sinifdən yuxarı qızlara kişi müəllimlərin dərs deməsi səbəbindən sakinlərin əksəriyyəti qızlarını məktəbə göndərməkdən imtina edirdi. Müvəqqəti hökumətin Təhsil Nazirliyi tədris prosesini İslam qaydalarına uyğunlaşdırmağı planlaşdırır.
Avqustun ortalarında Əfqanıstanda hakimiyyətin “Taliban” hərəkatının əlinə keçməsi ilə tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Sentyabrın 19-da oğlan şagirdlərin və kişi müəllimlərin iştirakı ilə dərslər bərpa olunub. Daha sonra müvəqqəti hökumətin informasiya və mədəniyyət nazirinin müavini Zabiullah Mücahid bildirib ki, qızlar yalnız oğlanlardan və kişi müəllimlərdən ayrı təhsilə keçiddən sonra məktəblərdə oxuya biləcəklər.
Oktyabrın 5-də Qunduz əyalətinin bəzi məktəblərində 13-18 yaşarası qızların təhsili bərpa edilib. Eyni qaydalar Bəlx, Cauzcan, Herat və Bamian əyalətlərində də tətbiq olunub.