Əfran İsmayılov: “Qarabağ” “Bayer”lə oyundan yetərincə nəticə çıxaracaq
Bakı, 27 oktyabr, AZƏRTAC
“Mövsümün ən formada olan komandasına qarşı oynadıq. Ona görə də oyunun çətin keçəcəyi hər kəsə əvvəldən bəlli idi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov UEFA Avropa Liqasının III turunda “Qarabağ”ın Almaniyanın “Bayer” komandasına uduzduğu oyun barədə danışarkən deyib.
O, Ağdam təmsilçisinin də formada olmasına baxmayaraq, istədikləri oyunu göstərə bilmədiklərini bildirib: “Bu da rəqibin futbolçularının olduqca keyfiyyətli olmasından irəli gəlir. İki komanda arasında keyfiyyət fərqi hiss olunurdu. Xeyli çalışsaq da, qapımıza vurulan qolların sayı çox oldu. Bundan da artıq ola bilərdi. Bu matç onu göstərdi ki, hələ o qədər də inkişaf etməmişik. Öz üzərimizdə hələ çox işləməliyik. Rəqib yaxşı top saxlayırdı. Bizə irəli getməyə imkan vermirdilər. Bu sayədə istədikləri qolları vura bildilər”.
Veteran yarımmüdafiəçi “Qarabağ”ın bu oyundan yetəri qədər nəticə çıxaracağına inandığını da vurğulayıb: “Klubumuz əvvəllər də güclü komandalarla oynayıb. İnanıram ki, rəqibi analiz edib evdəki qarşılaşmaya ən yaxşı şəkildə hazırlaşacaqlar. Azarkeşlərin dəstəyi ilə oynayacağıq. Çox çətin olacaq. Düşünürəm ki, rəqibdən ən azı 1 xal almaq olar. Növbəti oyunda futbolçularımız rəqibə oynamaq üçün imkan verməməlidirlər. Əlimizə keçən şanslardan maksimum istifadə etməliyik”.
Əfran İsmayılov “Qarabağ”ın qrupdan çıxmaq şansını yüksək qiymətləndirib: “Molde” və “Hakken”lə keçirdiyimiz görüşlərdən sonra yaxşı xallar qazanmışıq. Amma hazırda vəziyyət gərgindir. “Bayer”lə oyunun komandamızın ab-havasını aşağı salmasına imkan verməməliyik. Ruhdan düşmək lazım deyil”.
“Xankəndi” minifutbol komandasının yaradılma qərarından da bəhs edən Ə.İsmayılov klubun millinin futbolçularından ibarət olacağını söyləyib: “Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov bu komandanın yaranması üçün çox səy göstərdi. Köhnə futbolçuları bir araya yığdı və dəstək oldu. Biz də öz növbəmizdə milli futbolumuza dəstək olacağıq. Hədəfimiz Avropa və çempionlar liqasına gedib ölkəmizi layiqincə təmsil etməkdir. Hər birimiz yığışmışıq və məşqlərimiz davam edir”.