Əfv Sərəncamı ilə azadlığa buraxılan qadın məhkumlarla görüş keçirilib
Bakı, 18 may, AZƏRTAC
Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı Əfv Sərəncamı çərçivəsində azadlığa buraxılan bir sıra şəxslərlə bağlı sosial reabilitasiyayönümlü tədbirlər həyata keçirilir.
Həmin tədbirlər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əfv olunmuş qadın məhkumlarla görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iştirak edən şəxslərin ilkin qiymətləndirmə prosesinə başlanılıb və hər birinə uyğun olaraq fərdi inkişaf planı tərtib edilib.
İlkin qiymətləndirmənin nəticələrinə əsasən onların cəmiyyətə psixo-sosial adaptasiyasına dəstəkyönümlü fəaliyyətlərin yerinə yetirilməsi nəzərdə tutulur.