Əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir
Lənkəran, 22 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Dövlət Universitetinin (LDU) birgə təşkilatçılığı ilə “Əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir” mövzusunda seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetdə keçirilən tədbirdə çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ölkəmizdə sosial sahədəki uğurlu yeniliklərdən, xüsusən də tələbə gənclərin təhsil almalarının stimullaşdırılması istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətindən danışıb.
Bildirilib ki, dövlətimizin başçısının bu günlərdə imzaladığı, tələbə və doktorantların sevinclə qarşıladığı ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılmasını nəzərdə tutan sərəncamları və fərmanı Azərbaycan gəncliyinə göstərilən qayğının bariz nümunəsidir. Təqaüd alacaq tələbələrin sayının 16 min nəfər artırılması, 54 təhsil müəssisəsində dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayının 54 min nəfərdən 70 min nəfərə çatdırılması həyata keçirilən uğurlu sosial siyasətin nəticəsidir.
Seminarda LDU-nun iqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri, iqtisadiyyat elmləri doktoru, professor Telman İmanovun mövzu ilə bağlı məruzəsi dinlənilib.
Məruzəçi ölkəmizdə sosial-iqtisadi inkişafdan danışaraq, dövlət başçısının son ayda verdiyi fərman və sərəncamların əhalinin maddi rifah halına müsbət təsir edəcəyini vurğulayıb, sosial müavinətlərin, təqaüdlərin, minimum əməkhaqlarının, tələbə təqaüdlərinin artırılmasını yüksək dəyərləndirib.
Məruzə ətrafında müzakirələrdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçisi Ramiz Hacıyev, Lənkəran Rayon Ağsaqqallar Şurasının Sədr müavini Sərhad Məmmədov, LDU-nun təbiyyət fakültəsinin IV kurs tələbəsi Aytac Tacibzadə respublikamızda, o cümlədən Lənkəranda gedən böyük quruculuq işlərindən, həyata keçirilən iqtisadi layihələrdən danışaraq, ölkəmizdə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.