ƏHALİNİN TƏBİİ QAZ VƏ ELEKTRİK ENERJİ İLƏ TƏMİNATI YAXŞILAŞDIRILIR
Balakən, 17 avqust (AZƏRTAC). Balakən Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, əhalinin kommunal xidmətlərlə, o cümlədən təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
2009-cu ilin birinci yarısında 409 mənzilə təbii qaz xətti çəkilmiş, abonentlərin sayı 3376 nəfərə çatdırılmışdır. Mahamalar kəndinə müxtəlif diametrli borularla 3700 metr uzunluğunda qaz xətti çəkilmiş, tənzimləyici quraşdırılmışdır. Bundan əlavə, Gərəkli və Tülü kəndlərində ümumi uzunluğu 1850 metr olan aşağı təzyiqli qaz xətləri çəkilmiş, rayona daxil olan 530 millimetrlik orta təzyiqli qaz xəttində təmir işləri aparılmışdır. İlin birinci yarısında rayon üzrə əhali tərəfindən istehlak edilmiş təbii qazın dəyərinin ödənişi 99 faiz təşkil etmişdir.
Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə rayon ərazisində 250 və 100 kilovatlıq 2 yeni transformator məntəqəsi quraşdırılmış, 6 transformator cari, 6-sı isə əsaslı təmir olunmuşdur.
Rayon əhalisini içməli su ilə təmin edən Siltikçay və Qaraçay su mənbələri çınqıl, qum və lildən təmizlənmiş, Siltikçay magistral su xəttində təmir işləri aparılmışdır.