CƏMİYYƏT
Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi zamanı torpağın münbit qatından səmərəli istifadə ediləcək
Bakı, 24 oktyabr, AZƏRTAC
“Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi zamanı layihə altına düşən torpağın üst münbit qatından əkinçilik və yaşıllığın bərpasında nəzərdə tutulmaqla səmərəli istifadə ediləcək. Yolun yamaclarındakı bitki qatı bərpa edilib, bu isə gələcəkdə həmin torpaqların eroziyasının qarşısını alacaq”.
AZƏRTAC xəbər verir ki, bunu Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi üzrə ictimai dinləmədə Avtomobil Yolları Dövlət Agentliyinin layihənin idarə edilməsi üzrə mühəndisi Eyyub Hüseynov deyib. O, yeni avtomobil yolu üzərində tikilən qurğular haqda məlumat verib: “Yolda 10 körpü, 9 viyadük, 7 tunel, 203 dairəvi və düzbucaqlı boru, 35 keçid, 7 qovşaq və 2 ödəniş nöqtəsi fəaliyyət göstərəcək. Əhmədbəyli-Füzuli-Şuşa yolu bütün beynəlxalq standartlara uyğundur”.